Almaniya kansleri Şolz Ukraynaya uzaqmənzilli raketlər göndərməmək qərarını müdafiə edib

Almaniya kansleri Olaf Şolz bazar ertəsi iki ildən artıq müddətdə ilk dəfə Ukraynaya səfər edib və Kiyevə Rusiyaya qarşı mübarizədə dəstəyini davam etdirəcəyinə söz verib.

İndex.az xəbər verir ki, bununla belə, Şolz “Taurus” uzaq mənzilli raketləri tədarük etməmək qərarında israr edib.

Ukraynanın ən güclü müttəfiqlərindən biri olmasına baxmayaraq, Şolz prezident Vladimir Zelenskinin iki əsas tələbinə müqavimət göstərib: Almaniya və İsveç istehsalı olan Taurus raketlərinin çatdırılması və NATO-ya üzvlük yolunun sürətləndirilməsi.

Fevralda növbədənkənar seçkilər təyin edəcək Şolz, ehtiyatlı yanaşmasını müdafiə edərək, bunu Ukraynaya güclü dəstək və münaqişənin birbaşa NATO-Rusiya münaqişəsinə çevrilməsi riskini minimuma endirmək arasında tarazlıq kimi xarakterizə etdi.

“Bu, bizim dəstəyimizi azaltmır, bu, çox genişdir və bu dəstəyin bundan sonra da geniş olacağını söyləmək vacibdir”, – Şolz Kiyevdə deyib.