ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Rusiya Mərkəzi Bankının yüz milyardlarla dollarını müsadirə etmək üçün son cəhdi edir.

İndex.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasının iki yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Qeyd olunub ki, Baydenin köməkçiləri avropalı tərəfdaşları Rusiyanın Avropa banklarında olan təxminən 300 milyard dollar həcmində dondurulmuş aktivlərinin yalnız sülh sazişi çərçivəsində açılacaq yeni eskrou hesaba köçürülməsini dəstəkləməyə razı salmağa çalışırlar.

Administrasiyanın yüksək vəzifəli məmurlarından biri bildirib ki, aktivlərin həbsi Moskvaya sadə bir mesaj olacaq – “əgər pullarınızı geri almaq istəyirsinizsə, müzakirə aparmalı olacaqsınız”.

Telekanal vurğulayır ki, təşəbbüs ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandası ilə müzakirə edilib. Onlar müsadirə edilmiş pulların Rusiyanı danışıqlar masasına oturtmaq üçün yeni stimul verə biləcəyi düşüncəsi ilə bu strategiyanı dəstəkləyirlər.