ABŞ İran neftinin ixracını tam dayandırmağa çalışır

ABŞ administrasiyası Tehrana maksimum təzyiq göstərmək səylərini davam etdirərək İranı neft ixrac etmək imkanından məhrum etmək niyyətindədir.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs jurnalistlər üçün mütəmadi brifinqdə bildirib.

O, Vaşinqtonun Çində İran neftinin daşınması və emalında şübhəli bilinən 13 şirkət və 8 gəmiyə qarşı tətbiq etdiyi sanksiyaları şərh edib.

“Çindəki neft emalı zavodu təxminən yarım milyard dollar dəyərində milyonlarla barrel neft aldığı üçün sanksiyalara məruz qalıb”, – Brüs deyib.

Onun sözlərinə görə, şirkətlər və tankerləri “milyonlarla barrel İran neftini Çinə daşıdıqları üçün” sanksiya siyahısına daxil ediliblər.

Brüs vurğulayıb ki, “İranın bütün dünyada davranışı Amerika milli təhlükəsizlik maraqlarını təhdid edir”. O həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə təhdidini dayandırmaq, ballistik raketlərin işlənib hazırlanması proqramını məhdudlaşdırmaq və terror qruplarına dəstəyi qarşısını almaq məqsədi daşıyan Tehrana maksimum təzyiq kampaniyasını davam etdirir.

“Kampaniyanın məqsədi İranın Çinə neft ixracı da daxil olmaqla, sabitliyi pozan fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunan neft ixracını sıfıra endirməkdir”, – o əlavə edib.