ABŞ Hərbi Dəniz Qüvvələri süni intellektli və silahlı robot itləri sınaqdan keçirir

Birləşmiş Ştatların Dəniz Xüsusi Əməliyyatlar Komandanlığı (MARSOC) “Ghost Robotics” tərəfindən hazırlanmış və müdafiə texnologiyası şirkəti “Onyx Industries”in silah sistemləri ilə təchiz edilmiş robot itləri sınaqdan keçirir.

İndex.az xəbər verir ki. “MARSOC Ghost Robotics”in dördayaqlı pilotsuz yerüstü nəqliyyat vasitələrini (Q-UGV) kəşfiyyat və müşahidə də daxil olmaqla müxtəlif tətbiqlər üçün sınaqdan keçirir, eyni zamanda bu robotları silahlandırmaq imkanını nəzərdən keçirir.

Lakin bu, ilk dəfə deyil. ABŞ Dəniz Piyadaları Korpusu əvvəllər də raket qurğuları ilə təchiz edilmiş robot itləri sınaqdan keçirib.

“Onyx Industries” əməkdaşlarının verdiyi məlumata görə, MARSOC hazırda iki silahlı Q-UGV-ni sınaqdan keçirir. Bu robot itlərin silahları və süni intellektlə dəstəklənən görüntüləmə sistemi “Onyx”nin SENTRY uzaqdan idarə olunan silah sisteminə (RWS) əsaslanır. Bu sistemlə insanları, nəqliyyat vasitələrini və dronları avtomatik olaraq aşkar edib izləmək və insan operatorlarına bildirmək olar. Sistemdə insan tərəfindən idarə olunan atəş mexanizmi var, ona görə də o, avtonom atəş edə bilməz.