“Günay Sığorta” ödənişdən boyun qaçırdı, məhkəməyə verildi

“Biz eşitmişik ki, sığorta insanlara kömək üçün, onların mənafeyini müdafiə etmək üçün təşkil olunur, insanlara dəymiş ziyanı ödəyir. Ancaq “Günay Sığorta” yalnız vətəndaşın cibinə girir”.

Bu fikri Bakı şəhər sakini, müharibə veteranı olan Natiq Əliyev səsləndirib. Sığorta şirkət ilə arasında olan mübahisə barədə İndex.az-a danışan vətəndaş 3 ay əvvəl baş verən qəza nəticəsində maşınına dəyən ziyanın ödənilmədiyini bildirib. N.Əliyevin sözlərinə görə, hadisə 26 yanvar 2022-ci ildə baş verib.Nəticədə ona məxsus olan “Wolksvagen Touareg” markalı 77 CA 877 dövlət nömrə nişanlı avtomobil ciddi zədələnib. Bütün hallar hadisə yerindəcə aktlaşdırılıb. Maşına dəyən ziyan müxtəlif vaxtlarda ayrı-ayrı mənbələrdə qiymətləndirilib. Lakin “Günay Sığorta” həmin məbləğlərin heç birini qəbul etməyib. Vətəndaşa 2100 manat sığorta ödənişi edəcəyini bildirib:

“Maşınım əzilib. Markasına uyğun olaraq “Wolksvagen Touareg” markalı avtomobillərə xidmət göstərən rəsmi məntəqədə ödəniş edib zərər aktını almışam. Orada göstərilib ki, maşına ümumilikdə 7041 manat dəyərində ziyan dəyib. Başqa avtomobil təmiri sexlərindən də rəy almışam. Həmin sənəddə işlənmiş detalları istifadə etməklə usta xərcləri də daxil olmaqla 4700 manat və 4800 manat ziyan göstəriblər. Sığorta şirkət isə 2100 manatdan artıq pul verməyəcəyini deyir. Maşını “Volvo” servis mərkəzində təmir elətdirməyi təklif etdilər. Mən də etiraz etdim. Maşınımı aldığım mərkəzdə təmir olunmasını istəyirəm. Şirkətə bildirdim ki, sənin üçün fərqi nədir? Sən sənədlərdə göstərilən məbləğdə sığorta haqqını ödə. Digər xərcləri mən ödəyəcəm. Sənin ayırdığın 2100 manat mənim maşınımın bir qapısının xərci deyil axı. Mən nə bilim sən “Volvo” mərkəzində necə düzəltdirəcəksən, sənəddə nə yazacaqsan”.

“Günay Sığorta” ilə heç bir halda razılığa gələ bilməyən N.Əliyev şirkətin hərəkətlərindən Mərkəzi Banka şikayət edib. Martın 2-də Mərkəzi Bankın baş direktoru Ziya Əliyevin imzası ilə vətəndaşa göndərilən cavab məktubunda bildirilib ki, şirkətlə vətəndaş arasında qarşılıqlı razılıq əldə edilməzsə, müstəqil ekspertizann təyin olunması və bunun nəticəsi barədə 5 iş günü ərzində Mərkəzi Banka və vətəndaşa təqdim edilməsi tələb olunur. Bundan sonra şirkət müstəqil ekspertizaya üz tutub:

“Günay Sığorta”da mənə ekspertlərin siyahısını göstərdilər, oradan Elçin adlı bir nəfəri seçdim. Rəy üçün onunla görüşdüm. Lakin sonda ekspertizanın nəticəsini mənə təqdim etmədi. Bildirdi ki, onu sənə verə bilmərəm. Səbəbini soruşuram, açıqlamır. Deyirəm ki, xidmət haqqını mən ödəyirəm, necə mənə verə bilməzsən? Sonda ondan imtina etdim. Başqa ekspertlərdən də kimə üz tutdumsa, dedilər çörəyimizə mane olma. Sanki hər kəs bu şirkətdən çəkinir. Sonra “Günay Sığorta” ilə razılıq əsasında Bakı Ekspertiza Mərkəzinə getdim. Orada qiymətləndirmə apardılar. Maşına dəyər zərərin 4 600 manat olduğunu hesablayıb yazdılar”.

Lakin “Günay Sığorta” ekspert rəyini də qəbul etməyib. Öz yazdığı məbləği ödəməkdə israr edib. N.Əliyev həmin məbləğin hansı qiymətlər əsasında hesablandığını göstərməyi tələb etsə də ona bu barədə heç bir açıqlama verilməyib:

“Maşınıma işlənmiş və təmir olunmuş qapı qoymağı təklif etdilər. Mən də razı olmadım. İşlənmiş ehtiyat hissələrini almağa da razıyam, ancaq orijinal olsun. Çünki mənim maşınım təzə maşındı. Çin istehsalı ucuz mallar olmasın. Onlara da sual verdim ki, mən niyə maşınıma köhnə detal qoymalıyam. 2200 manatı nəyə ayırdıqlarını da soruşdum. Əsaslandıra bilmədilər, müxtəlif bəhanələrlə sualdan yayındılar”.

Bütün bu yazışmalar və danışıqlardan bezən N.Əliyev ədalətin öz yerini tapması üçün sonda məhkəməyə üz tutub. Onun müraciətinə Səbail Rayon Məhkəməsində baxılıb. Hazırlıq iclasında yenidən ekspertiza təyin olunmasına rəy verilib. N.Əliyev məhkəmənin qərarının ədalətli olacağına güvəndiyini deyib.

Qeyd edək ki, bu, “Günay Sığorta” şirkətindən ilk şikayət deyil. Ötən həftə digər bir vətəndaş, Siyəzən rayon sakini Etibar Qəniyev qəza nəticəsində zərərə uğrayan maşınına görə sığorta ödənişini 2 ilə yaxındır ala bilmədiyini bildirib. Aylardır “Günay Sığorta”ya və dövlət qurumlarına ünvanladığı məktubların sayı artsa da nəticəsi olmayıb. Müstəqil ekspert maşına dəyən zərərin ümumilikdə 3967 manat müəyyən etsə də, şirkət vətəndaşa 1800 manat ödəyəcəyini bildirib. Bu adətini davam etdirən “Günay Sığorta”dan məhkəməyə şikayətlərin artacağı gözlənilir.