Çinin “Pang Dong Lai” şirkəti işçilərin əhval-ruhiyyəsi pis olduqda evdə qalmağa və işə gəlməməyə icazə verib.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət rəhbərliyi işçilərin illik məzuniyyətlərini də artırıb.
Şirkətin direktoru Yu Donglainin qeyd etdiyi kimi, hər bir insanın özünü xoşbəxt hiss etmədiyi anlar olur. Buna görə də qərara gəlinib ki, əgər işçi xoşbəxt deyilsə, o zaman işə gəlməyə bilər.
Həmçinin, işçilər rəhbərlikdən əlavə istirahət günləri tələb edə bilər və şirkətin imtina etmək hüququ yoxdur. İşçilər həmçinin istirahət üçün xüsusi günlər seçə və uzadılmış məzuniyyət ala bilərlər. Bu, 30 yox, 40 gün ola bilər.
Sosial şəbəkə istifadəçiləri bu təşəbbüsü müsbət qiymətləndiriblər. Çin sakinləri qeyd edirlər ki, “Pang Dong Lai” şirkətində işə düzəlməkdən məmnun olacaqlar, orada onlara hörmət ediləcək və onların fikirləri nəzərə alınacaq.
2021-ci ildə məlum olub ki, Çin sakinlərinin əksəriyyəti iş yerində həddindən artıq çox işləyirlər. Həmin ilin sentyabrında məhkəmələr iddialarla dolub-daşırdı, insanlar həddindən artıq işləməyə məcbur olduqlarından şikayətlənirdilər. Lakin buna görə maaş almırdılar.