Azərbaycanda uçota alınan internet operator və provayderlərinin sayı 157-yə çatıb.
İndex.az Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir ki, bu tədbirlər çərçivəsində internetin təkrar satışı xidmətini göstərən “Robonet”, “Setnet” və “Smart Office” MMC-lərin müraciəti əsasında onların uçota alınması həyata keçirilib.
Həmçinin Naxçıvanda ADSL, GPON, ETTH, Hostinq və digər internet xidmətləri göstərən Naxçıvan Muxtar Respublikasının İnternet və Yeni Texnologiyalarin Tədrisi Mərkəzinin (Naxinternet) uçota alınmaqla bağlı müraciətinə müsbət cavab verilib.
İKTA bəyan edir ki, uçota alınmayan operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalında bu link vasitəsilə autentifikasiyadan keçərək uçota durmaq üçün ərizə göndərməlidirlər. Uçota durmamaq İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən, uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.
Uçota alınma bu sahənin hesabatlılıq səviyyəsini, eləcə də tənzimləmə imkanlarını genişləndirir, genişzolaqlı internetə çıxış səviyyəsinin maksimum həddə çatdırılması üçün inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadə olunur. Həmçinin istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsi, xidmət bazarlarının təhlil edilməsi, onların formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm rol oynayır.
Qeyd edək ki, İKTA ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.