“Qırğızıstanla əmtəə dövriyyəsinin mövcud səviyyəsi bizi qane edə bilməz”

“Ticari-iqtisadi sahəyə gəlincə, bu gün bu məsələyə xüsusi diqqət yetirildi. Çünki əlbəttə, Prezidentlə fikir mübadiləsi apardıq ki, əmtəə dövriyyəsinin mövcud səviyyəsi bizi qane edə bilməz. Fikrimcə, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək”.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla mətbuata bəyanatında deyib.

“Bu gün nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olundu. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır”, – Prezident vurğulayıb.