Bizi narahat edən digər məsələ əsasən MDB ölkələrindən idxal olunan, çəkisi 800 qramdan artıq olmayan toyuqların bazarlarda və bəzi market şəbəkələrində ucuz qiymətə satışıdır.
İndex.az xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbərliyi və üzvlərinin Azərbaycan Qida Təhlükəsizliyi Agenliyin (AQTA) rəhbərliyi ilə keçirilən növbəti görüşdə “Siyəzən Broyler” MMC-nin rəhbəri Cavid Abbasov bildirib.
Onun sözlərinə görə, Bakı və region bazarlarında bir çox hallarda bu toyuqları “Siyəzən”, “Şəfa”, “Səba”, “Mərcan” və sair yerli istehsalçıların adı altında satışa çıxarırlar: “Biz həmin toyuqların qidə təhlükəsizliyi baxımından zərərli olduğunu deyirik. Çünki quşçuluq biznesinin qaydası budur ki, 800 qramlıq toyuğu kəsmək iqtisadi baxımdan səmərəli deyil. Dünyanın heç bir ölkəsində bu çəkidə toyuq kəsilmir – xəstəliklər yayılanda istisna olmaqla.
Müxtəlif xəstəliklər yayılanda sahibkar məcbur olur toyuqları vaxtsız kəsir ki, tələf olmasın. Buna görə də ölkəmizə gətirilən və çox ucuz qiymətə təklif olunan belə toyuqlar əhalinin sağlamlığı üçün böyük təhlükə mənbəyidir”.
O qeyd edib ki, quşçuluq sahəsinin tam inkişafı üçün qət ediləcək çox yol var: “İşimiz çoxdur, problemlərimiz də var və onların həllində biz dövlət orqanlarından dəstək istəyirik. Çox yaxşı haldır ki, Azərbaycana diri toyuqların idxalı dayandırılıb. Hazırda 1 günlük cücələr idxal olunur”.
O hesab edir ki, 1 günlük cücələrin idxalı ya tamam dayandırılmalı, ya da məhdudlaşdırılmalıdır: “Çünki hər bir ölkənin özünəməxsus epizootik vəziyyəti, öz peyvəndləmə proqramı var. Bir xəstəliyin müxtəlif ölkələrdə müxtəlif ştammları yayılır deyə peyvəndləmə də fərqli aparılır. Bu baxımdan, başqa ölkələrdə yetişdirilən 1 günlük cücələrin Azərbaycana idxalı xəstəliklərin yayılması nöqteyi-nəzərindən təhlükəlidir. Bizim yerli istehsalçıların ölkəni cücə ilə tam təmin etməyə potensialı var”.
Görüşdə Azərbaycan Qida Təhlükəsizliyi (AQTA) rəhbərliyi 1 günlük cücələrin ölkəyə idxalının məhdudlaşdırılması, yaxud tamamilə dayandırılması istiqamətində tezliklə müvafiq addımların atılacağını bəyan edib. Bundan əlavə, aşağıçəkili toyuqların idxalı məsələsi də araşdırılacaq. Nəhayət, AQTA rəhbərliyi quşçuluq sahəsində tətbiq olunan yeni vaksinasiya sisteminin Azərbaycanda tətbiqi məsələsinin də həll olunacağını vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl APEPEA quş əti istehsalçılarının pərakəndə ticarət şəbəkələri ilə əməkdaşlıqda üzləşdikləri problemləri hökumət rəsmiləri ilə müzakirə etmək üçün müvafiq qurumların rəhbərlərinə müraciət etmişdi. Assosiasiya rəhbərliyi İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd təsərrüfat naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə rəsmi müraciət edərək, quş əti istehsalçıları ilə görüşərək mövcud problemlərin həlli imkanlarını müzakirəsinin təşkilini xahiş etmişdi.
Qeyd edək mki, Assosiasiya rəhbərliyi və üzvlərinin növbəti görüşü AQTA rəhbərliyi ilə keçirilib. Videobağlantı formatında keçirilən görüşdə AQTA-nın sədri Qoşqar Təhməzli, Agentlik aparatının rəhbəri Elxan Mikayılov, AQTA Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev, APEPEA rəhbəri Mürvət Həsənli, “Qaraqaşlı Broyler”in nümayəndəsi Vaqif Hüseynov, “Siyəzən Broyler”in rəhbəri Cavid Abbasov, “Giləzi Quşçuluq” MMC-nin rəhbəri Mahir Mirzəyev, “Azerbaijan Poultry Company” LLC-nin direktoru Pərviz Hacıyev və digərləri iştirak ediblər.