“Bazarstore”da toyuqları satarkən əhalini aldadırlar

Bakının “8-ci km”, “3-cü mikrorayon” bazarlarında, həmçinin “Bazarstore” marketlər şəbəkəsində satılan 800 qramlıq toyuqları satarkən əhalini aldadırlar.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbərliyi və üzvlərinin Azərbaycan Qida Təhlükəsizliyi Agenliyin (AQTA) rəhbərliyi ilə keçirilən növbəti görüşdə “Qaraqaşlı Broyler”in təmsilçisi Vaqif Hüseynov bildirib.

Onun sözlərinə görə, “Bazarstore”də Belarusdakı broyler müəssisəsinin istehsalı olan bu məhsulları “Bütöv kənd toyuğu” adı ilə satırlar: “Bu, istehlakçıların aldadılmasıdır. Üstəlik, toyuğun aylıq istehlak müddətinin bitməsinə cəmi 1 ay qalıb”.

AQTA-nın rəhbəri Qoşqar Təhməzli səslənən məlumatla bağlı AQTA rəsmilərinə dərhal tədbir görülməsini tapşırıb. Səsləndirilən məlumatdan aydın oldu ki, aşkarlanan faktlar əvvəldən təqdim olunub və artıq AQTA-nın müvafiq qurumları fəaliyyətə başlayıblar.

Xatırladaq ki, bir müddət əvvəl APEPEA quş əti istehsalçılarının pərakəndə ticarət şəbəkələri ilə əməkdaşlıqda üzləşdikləri problemləri hökumət rəsmiləri ilə müzakirə etmək üçün müvafiq qurumların rəhbərlərinə müraciət etmişdi. Assosiasiya rəhbərliyi İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd təsərrüfat naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə rəsmi müraciət edərək, quş əti istehsalçıları ilə görüşərək mövcud problemlərin həlli imkanlarını müzakirəsinin təşkilini xahiş etmişdi.

Qeyd edək mki, Assosiasiya rəhbərliyi və üzvlərinin növbəti görüşü AQTA rəhbərliyi ilə keçirilib. Videobağlantı formatında keçirilən görüşdə AQTA-nın sədri Qoşqar Təhməzli, Agentlik aparatının rəhbəri Elxan Mikayılov, AQTA Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev, APEPEA rəhbəri Mürvət Həsənli, “Qaraqaşlı Broyler”in nümayəndəsi Vaqif Hüseynov, “Siyəzən Broyler”in rəhbəri Cavid Abbasov, “Giləzi Quşçuluq” MMC-nin rəhbəri Mahir Mirzəyev, “Azerbaijan Poultry Company” LLC-nin direktoru Pərviz Hacıyev və digərləri iştirak ediblər.