Əhməd Əhmədzadə 1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub.
İndex.az xəbər verir ki, o, 1961-ci ildə 1 nömrəli orta məktəbi və 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnib.
Ə.Əhmədzadə əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlayıb, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967-1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləyib. 1975-1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1976-1978-ci illərdə keçmiş Sov.İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya- siyasi təhsili almış, 1978- 1980-ci illərdə Abşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980- 1987-ci illərdə Azərbaycan KP Füzuli rayonu RK- nın birinci katibi, 1987-1991-ci illərdə Azərbaycan KP Şəmkir rayonu RK- nın birinci katibi, 1991-ci ildə Şəki şəhər Partiya Komitəsinin birinci katibi, Şəki rayonu Xalq Deputatları Sovetinin sədri, 1991-1992-ci illərdə Quba rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.
1981-1995-cı illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib.1993-2004-cü illərdə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri,2004-2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini,Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri olub.
Respublika Dövlət Aqrar İslahatı Komissiyasının üzvü, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini olub. Azərbaycanın orden və medalları, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub, respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni, “Əməkdar mühəndis” fəxri adına, 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyət medalı”na və 2020-ci ildə meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Ailəlidir, üç övladı var.
Əhməd Əhmədzadə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun qudasıdır.