Artıq Aran rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Fermerlər artıq biçindən sonra təkrar əkinlərə hazırlıq işlərinə başlayıblar.
İndex.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
Onun sözlərinə görə, biçindən sonra təkrar əkinlərin aparılması torpağın strukturunu yaxşılaşdırır, yem tədarükünü artırır, fermerlərin il ərzində iki dəfə məhsul götürməsini təmin edir.
O bildirib ki, təkrar əkinlərin aparılmasını stimullaşdırmaq məqsədilə ötən il Nazirlər Kabineti tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum təminatının dəstəklənməsi istiqamətində növbəti Sərəncam qəbul edilib: “Sərəncama əsasən, təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsait verilir. Əkin üçün toxumu fermer özü alır, toxum alınmasına dəstək məqsədilə hər hektara görə 60 manat vəsait isə AKİA tərəfindən fermerin “Fermer kartı”na köçürülür”.
Qeyd edək ki, təkrar əkinlər qarğıdalı əkininə uyğun gələn, suvarılan ərazilərdə aparılmalıdır.