Azərbaycanda dövlət dəstəyi ilə təbiq edilən aqrar sığorta çərçivəsində ölkədə ilk dəfə olaraq tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb.
İndex.az Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarı ilə aqrar sığorta predmetlərinin – sığortalanan bitkilərin siyahısı genişləndirilib.
Nəticədə ölkədə geniş şəkildə əkilən tərəvəz-bostan bitkiləri – noxud, yaşıl noxud, qarpız, qovun, pomidor, baş soğan, sarımsaq və kələm də sığortalanan bitkilər sırasına daxil edilib.
Aqrar sığorta qaydalarına əsasən, sözügedən bitkilər dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri kimi risklərdən, eləcə də əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən sığortalana bilərlər.
Tərəvəz-bostan bitkilərinin sığortalanması üçün sığorta tarifləri ölkənin regionları və seçilmiş sığorta zərfindən asılı olaraq dəyişir. Sığorta tarifləri aşağıdakı kimidir:
– pomidor 2.12% – 4.58%
– baş soğan 1.61% – 3.18%
– sarımsaq 1.54% – 3.02%
– kələm 1.59% – 3.30%
– noxud 1.95% – 4%
– yaşıl noxud 1.95% – 4%
– qarpız 2.17% – 4.71%
– qovun 1.87% – 3.98%
Misal 1:
1 hektar pomidor sahəsinin sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 100 sentner, 1
sentner məhsulun bazar qiyməti – 40 manat olarsa, sahədən gözlənilən
məhsulun ümumi dəyəri – sığorta məbləği 4 000 manat təşkil edir.
Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı
olaraq 85-183 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 42-92 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta
ödənişi 3 600 manat təşkil edir.
Misal 2:
1 hektar qarpız sahəsinin sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 150 sentner, 1 sentner məhsulun bazar qiyməti – 10 manat olarsa, sahədən gözlənilən
məhsulun ümumi dəyəri – sığorta məbləği 1 500 manat təşkil edir.
Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 32-71 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 16-36 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 1 350 manat təşkil edir.
Qeyd edək ki, sözügedən tərəvəz-bostan bitkiləri ölkənin demək olar ki, bütün ərazilərində həm daxili tələbatı ödəmək, həm də ölkədən xaricə ixrac üçün becərilir. Aqrar sığortanın əhatə dairəsinə daxil edilməsi bu sahədə çalışan fermerlərin məhsulları, gəlirləri və ümumilikdə biznesinin qorunmasına imkan verəcək.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.