“Alibaba” Türkiyəyə 2 milyard dollar yatırım edəcək

Çinin elektron ticarət nəhəngi “Alibaba” Türkiyəyə sərmayə qoymağı planlaşdırır.

İndex.az xəbər verir ki, “Trendyol”un dominant tərəfdaşı olan “Alibaba” Türkiyəyə 2 milyard dollarlıq yeni sərmayə qoymağı planlaşdırır.

“Alibaba”nın səhmdarı olduğu “Trendyol”un verdiyi açıqlamaya görə, cümə günü İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla görüşən “Alibaba Qrup”un prezidenti Maykl Evans bu günə qədər “Trendyol” vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyduqlarını bildirib.

Maykl Evans Türkiyəyə etməyi planlaşdırdıqları sərmayələr haqqında prezident Ərdoğana məlumat verib.

Ankaradakı data və logistika mərkəzi, eləcə də İstanbul Hava Limanında həyata keçirdikləri ixrac əməliyyat mərkəzi kimi yeni investisiyalar haqqında təfərrüatları paylaşıb.