"Fitch" SOCAR-ın reytinq üzrə proqnozunu yüksəldib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqlərini (IDR) “BB+” və “B”, üstün hüquqa malik təminatsız öhdəlikləri reytinqini isə “BB+” səviyyələrində təsdiqləyib.

İndex.az “Fitch”ə istinadən xəbər verir ki, neft şirkətinin IDR üzrə proqnozu”mənfi”dən “stabil”ə yüksəldilib. Reytinq üzrə proqnozun dəyişikliyi Azərbaycanın da IDR üzrə proqnozun yüksəldilməsini əks etdirir, belə ki, SOCAR tamamilə dövlətin mülkiyyətindədir və reytinqi Azərbaycanla bərabərləşdirilir. Bunun əsasını şirkətə maliyyə zəmanətləri, nağd maliyyə vəsaiti və kapital inyeksiyaları şəklində verilən dövlət dəstəyi, həmçinin SOCAR-ın sosial funksiyalarının və neft-qaz layihələrinin inkişafınınəsas drayveri kimi əhəmiyyəti təşkil edir.

Hazırda SOCAR-ın avtonom kredit profili agentlik tərəfindən “b+” səviyyəsində saxlanılır, bunun səbəbi yüksək leverecin olması göstərilir. “Fitch” qeyd edir ki, leverec yüksək olsa da, nəzarət altındadır və şirkətin EBITDA göstəricisinin (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) 2020-ci ildə azalmasına baxmayaraq, daha yüksək neft və yanacaq qiymətləri sayəsində sözügedən göstəricinin 2021-ci ildə bərpası gözlənilir.

“Fitch” analitiklərinin hesablamalarına görə, 2021-2023-cü illərdə SOCAR-ın əməliyyat vəsaitinin (FFO) xalis leverecə olan nisbəti 4,5x qalacaq və avtonom kredit profilinin azalmasına gətirib çıxara biləcək 6x nisbətindən uzaq olacaq.

“Fitch”ə görə, SOCAR-ın kapital xərcləri orta səviyyədə qalacaq, belə ki, şirkətin tərəfdaşları ilə birlikdə hazırladığı və balansında birləşdirilməyən iki böyük layihəsi (“STAR”NEZ, Cənub Qaz Dəhlizi) artıq həyata keçirilib və əlavə ciddi kapital inyeksiyaları tələb etmir.

©APA