Bu avtobuslarda kondisionerlər niyə qoşulmur? – VİDEO

Havalar isindikcə ictimai nəqliyyatdan istifadə edənləri narahat edən başlıca problem avtobuslarda kondisioner sisteminin işə salınmamasıdır. Bu hal 32 nömrəli avtobusda hər gün yaşanır. Kondisionerlərin yandırılmaması avtobusda sərnişinlər sıx olduğu zaman problemi daha da böyüdür.

Index.az xəbər verir ki, gündəlik 17 mindən çox sərnişin daşıyan 32 nömrəli marşrut xəttinin avtobuslarında kondisioner sistemi qoşulmur.

“28 may” metrostansiyasından “8-ci kilometr” ərazisi üzrə sərnişin daşıyan 32 nömrəli marşurtda hər gün eyni vəziyyətdir. Havaların isinməsinə baxmayaraq, kondisioner sistemi qoşulmur. Sərnişinlər bildirirlər ki, avtobuslarda isti havalarda, xüsusilə də pik saatlarda kondisioner qoşulmayanda nəfəs almaq çətin olur.

Sərnişinlərin sözlərinə görə, bu problemlə bağlı sürücülərə dəfələrlə şikayət ediblər.

Məsələni aydınlaşdırmaq üçün sürücülərə yaxınlaşdıq. Sürücülərin bəziləri bizi görüb pəncərə açıq ola-ola kondisoneri yandırdı, bəziləri də pəncərələri bağlayıb, kondisoneri yandırmaq üçün hazırlıqlara başladı.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, işləməyən kondisioner sistemləri ilə bağlı “Baku Bus” MMC-yə müvafiq tapşırıqlar verilib.

Mais Ağayev sözlərinə görə, sərnişinlərin rahatlığını təmin etmək üçün qurum mütəmadi olaraq müvafiq yoxlamalar həyata keçirir.

©Pravda.az