Rusiya əhalisinin təbii azalması 62% artıb

Bu ilin yanvar-iyul aylarında Rusiyada əhalinin təbii azalması (ölənlərin sayının doğulanların sayından çox olması) ötən ilin analoji dövrü ilə müqayisədə 62% artaraq 512,5 min nəfər təşkil edib (bir il əvvəlki 316,3 min nəfərə qarşı).

İndex.az xəbər verir ki, bu barədə Rusiya Federal Dövlət Statistika Xidmətinin (“Rosstat”) açıqlamasında deyilir.

Qeyd olunur ki, 2021-ci ilin yanvar-iyul aylarında Rusiyada doğulanların sayı illik ifadədə 1,1% azalıb – 2020-ci ildəki 811 650 nəfərdən 802 827 nəfərədək.

Hesabat dövründə ölənlərin sayı illik müqayisədə 16,6% artıb – 2020-ci ildəki 1 128 018 nəfərdən 1 315 309 nəfərədək.

Cari ilin iyul ayında Rusiyada 124 715 uşaq dünyaya gəlib ki, bu da 2020-ci ilin iyul ayı ilə müqayisədə 4,6% az, 2021-ci ilin iyun ayına nisbətən isə 0,7% çoxdur (lakin iyul ayında iyundan bir gün çoxdur).

2021-ci ilin iyul ayında Rusiyada 215 265 nəfər ölüb. Bu da 2020-ci ilin iyul ayı ilə müqayisədə 18,6%, 2021-ci ilin iyun ayı ilə müqayisədə isə 15,9% çoxdur.

İyul ayında əhalinin təbii azalması 90 550 nəfər təşkil edib – 2020-ci ilin iyul ayına nisbətən artım 78%, 2021-ci ilin iyun ayına nisbətən isə 46,4% təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə Rusiya əhalisinin təbii azalması 2 dəfədən çox artaraq 2019-cu ildəki 316,2 min nəfərdən 688,7 min nəfərə çatıb. Bu, 2005-ci ildən bəri maksimum göstəricidir. Həmin il Rusiyada əhalinin təbii azalması 846,6 min nəfər təşkil etmişdi.

“Rosstat”a görə, 2020-ci ildə Rusiya əhalisi 0,5 mln. nəfərdən çox azalaraq 146,17 mln. təşkil edib.