Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin müstəntiqləri tərəfindən Telman İsmayılov barəsində daha bir cinayət işi başladılıb.
Yeniavaz.com “Kommersant” qəzetinə istinadən xəbər verir ki, yeni cinayət işi VTB bankının şikayəti əsasında başlanılıb.
Bildirilir ki, İsmayılov sahibkarın fiziki şəxs kimi qəsdən müflis olmasında (Rusiya Cinayət Məcəlləsinin 196-cı maddəsi) təqsirləndirilir.
Bankın iddiasına əsasən, keçmiş oliqarxa məxsus “Ruslayn 2000” ASC VTB-nin tərkibinə daxil olan strukturlardan ümumilikdə 185,4 milyon dollar kredit götürsə də, müəyyən olunmuş vaxtda borcunu qaytarmayıb və tezliklə müflis elan olunub.
Bu maddə ilə onu 7 ilə qədər həbs cəzası və 5 milyon rubla (118 min manat) qədər cərimə gözləyir.
Qeyd edək ki, Rusiyada bundan əvvəl də T.İsmayılova qarşı cinayət işi açılıb. O, 2016-cı ildə Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi əsasında (bir qrup şəxs tərəfindən 2 və daha artıq şəxsin qətlə yetirilməsi) İnterpol xətti ilə axtarışa verilmişdi. Hazırda T.İsmayılov Monteneqrodadır.