Avropada avtomobil satışı kəskin geriləyib

2021-ci ildə Avropada 9.7 milyon ədəd yeni avtomobil satılıb. Bu, 1990-cı ildən sonra ən ciddi geriləmədir.

İndex.az xəbər verir ki, bu məlumat Avropa Avtomobil Federasiyaları Assosiasiyasının ötən ilə dair hesabatında yer alır. Sənəddə göstərilir ki, avtomobil sənayesinin böhran keçirdiyi 1993 və 2013-cü illərdə belə satış daha çox olub.

Qitədə satışlar 6 aydır ardıcıl olaraq geriləyir. Satışların azalması özünü Avropa avtomobil sənayesinin özəyi olan Almaniyada daha ciddi göstərib. İl ərzində 2.6 milyon ədəd təzə avtomobil satılıb ki, bu da illik əsasda 10% geriləmə deməkdir.

Benelüks ölkələrində də azalma böyük rəqəmlərlə ifadə olunur. Bəzi ölkələrdə isə 2020-ci illə müqayisədə nisbi canlanma müşahidə olunur: Satışlar Fransada 0,5, İspaniyada 1, İtaliyada 5% artıb.

Şirkətlər üzrə satışlar da ciddi geriləyib. Qitənin ən böyük istehsalçısı olan “Volkswagen” qrupun satışlarında 4,8% kiçilmə qeydə alınıb. “Renault”nun satışları 10,8, “Stelantis” qrupunun isə 2,1% geriləyib.

Maraqlıdır ki, asiyalı istehsalçıların köhnə qitədə satışları davamlı şəkildə artır. İl ərzində “Toyota”nın satışları 9, Hunday-Kia qrupunun isə 18% artıb.

Satışlarının geriləməsi həm də istehsalın azalması ilə izah olunur. Sonuncunun səbəbi təchizat zəncirinin pozulması nəticəsində yaranan detal qıtlığıdır.

Mənbə – APA