“Zəfər” yatağında qiymətli metalların ilkin həcmi açıqlanıb

Böyük Britaniyanın “Anglo Asian Mining” (AAM) şirkəti Gədəbəy rayonundakı yeni “Zəfər” yatağında qiymətli metalların ilkin həcmini açıqlayıb.

İndex.az şirkətə istinadən xəbər verir ki, yataqda 28 min tonadək mis, 73 min unsiya qızıl və 36 min tonadək sink mövcuddur. Mövcud emal müəssisələrindən təqribən 850 metr məsafədə və minerallaşma müəssisəsindən 1000 metr aralıda iki tunelin inşası artıq başlanıb. Bundan başqa, ikiqat tunellərin, enerji və kompressor platformalarının, həmçinin avadanlıq yerləşdiriləcək ərazinin inşası üçün torpaq işləri tamamlanıb. Paralel olaraq ofis, emalatxana və ağır avadanlığa xidmət obyektlərinin yaradılması üzrə işlər davam edir.

Qeyd edək ki, bundan əvvəl şirkət “Gilar” yatağında 135 min unsiya qızıl, 21,5 min ton mis və 23 min ton sinkin olduğunu açıqlamışdı.

“Anglo Asian Mining” yaxın illərdə Azərbaycanda Qaradağ, Xarxar və Dəmirli kimi müqavilə zonalarını istismara verməyi planlaşdırır. Şirkət işğaldan azad edilmiş ərazilərdə – Zəngilan rayonunda Vejnəli qızıl yatağının kəşfiyyatına artıq başlayıb.

“Anglo Asian Mining” tərəfindən Azərbaycanda istehsal olunan qızıl külçələr əsasən İsveçrəyə, mis isə Gürcüstan, Özbəkistan və Türkiyəyə ixrac olunur.