Qutusu açılmamış 16 illik “iPhone” fantastik qiymətə satıldı

Ötən aylarda “LCG Auctions” adlı hərrac evi 2007-ci ildə buraxılmış və qutusundan heç vaxt çıxarılmayan “iPhone”u satışa çıxarıb və telefon 39.339 dollara alınıb. İndi eyni hərrac evi tərəfindən daha bir açılmamış “iPhone” satılıb. Və bu dəfə daha yüksək qiymətə…

İndex.az xəbər verir ki, bu ayın əvvəlində “LCG Auctions” ilk qutusu açılmamış “iPhone”u 2500 dollardan başlayan qiymətlə hərraca çıxardı. Fevralın 19-da hərrac başa çatıb və 63.356 dollar (1 milyon 195 min 166 TL) verən şəxs telefonu alıb. Əlavə edək ki, telefon 2007-ci ildə 599 dollara satışa çıxarılıb.

Onu da qeyd edək ki, cihaz gözləniləndən də baha qiymətə satılıb. Hərracdan əvvəl telefonun gözlənilən qiyməti 50.000 dollar civarında idi. Lakin satış həyata keçirilən zaman “iPhone”un bu məbləğdən 27% baha satıldığı müəyyən edilib.