Deputat: "Cırıq şalvarda gəzənlər indi 100 milyonların sahibidir"

“Heç bir haqsız məsələni qaldırmıram, demirəm. Deməyimdə məqsəd odur ki, heç kim dövlət büdcəsini oğurlayıb, özünə şəxsi biznes qurub, sonra da mələk kimi görünməsin, yalan danışmasın, zənglərə düzgün münasibət göstərsin. Müraciət ediləndə vətəndaşın problemini həll etsin. Mələk donuna girib, qara işlərlə məşğul olmasınlar”.

İndex.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında deputat Razi Nurullayev deyib. O bildirib ki, Azərbaycanda bütün sahə və təbəqələrdə xeyli mələk donuna girmiş şeytan var:

“Hələ özünü qanunlardan üstün tutmaq istəyənlər də var. Hesab edir ki, tutduğu vəzifə ata evindən gətirdiyi irsdir, cehizdir. Vəzifəni atadan qalmış mal-mülk kimi nəzərdən keçirir. Sanki irsən keçib. Cırıq şalvarda gəzənlər, bu günləri 100 milyonların sahibidir. “Dırınqılet”ə çevrilmiş sovet maşınlarında alver edənlər, bir neçə ildən sonra oliqarx olublar. Əgər alın təri ilə oliqarx olubsa, olsun. Vəzifəli şəxslər axı necə oliqarx ola bilər? Bu hansı qanunda yazılıb? Bəlkə parlamentdən də kənar qanun qəbul edən orqanlar var? Mən parlamentdə vəzifəli şəxsin oliqarx olmasını nəzərdə tutan qanun tanımıram. Kim halal yolla qazanmaq istəyir, halallıqla edirsə, daha da çox olsun. Kimsə, xalqa yalan deyib, xalqın cibindən oğurlayıb, insanlara yuxarıdan aşağı baxıbsa, xalq onu bağışlamaz və bağışlamayacaq”.