Bu avtomobillərin sığortasından imtina edilir – VİDEO

Bəzi sığorta şirkətləri mühərrik həcmi kiçik olan avtomobilləri icbari sığorta etmirlər. Həmin nəqliyyat vasitələrinin daha çox taksidə istifadə edildiyini ehtimal edən şirkətlər bunun riskli olduğunu əsas gətirərərək icbari sığorta etməkdən imtina edirlər.

İndex.az xəbər verir ki, iki həftə əvvəl Almaniyadan gətirilən avtomobili heç bir sığorta şirkəti icbari sığorta etmir.

Paytaxt sakini Rafət Rzayev deyir ki, avtomobil Azərbaycana gətirildikdən sonra gömrük rəsmiləşdirməsini rahat edib, Baş Dövlət Yol Polisi İdarəsində nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanı alıb. Amma icbari sığorta etmək istəyəndə şirkətlər ona bildiriblər ki, mühərrik həcimi 1.4 olduğu üçün bu mümkün deyil.

Sürücü iddia edir ki, beş sığorta şirkətinə müraciət etsə də ona imtina gəlib. Sığortası olmayan avtomobillər şəhər ərazisində hərəkətdə olanda xüsusi texniki vasitələrin köməyi ilə həmin sürücü barəsində elektron protokol tərtib edilir. Əlacsız qaldığından Rafət Rzayev yeni aldığı avtomobili idarə etmir.

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, bəzi sığorta şirkətləri mühərrik həcmi kiçik olan nəqliyyat vasitələrini sığorta etməkdə maraqlı deyillər. Amma bu, qanunla qadağandır. Ekspert deyir ki, heç bir sığorta şirkətinin imtina etmək kimi bir hüququ yoxdur.

Sürücülərin üzləşdiyi bu məsələ ilə bağlı Mərkəzi Banka müraciət etdik. Qurumdan bildirildi ki, ”İcbari sığortalar haqqında” qanuna əsasən sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Odur ki, istənilən avtomobilin, o cümlədən mühərrikin həcmi 2000 kub santimetrdən aşağı olan avtomobillərin sığortalanmasından imtina oluna bilməz. Belə faktlar  aşkarlanarsa Mərkəzi Bankın qaynar xətti ”966”ya dərhal müraciət olunmalıdır.

”Həmçinin qeyd edək ki, müvafiq faktların aşkarlandığı halda hüquq pozuntusuna yol verən sığortaçılara qarşı qanunvericliyə uyğun olaraq nəzarət tədbirləri tətbiq olunacaq”,- deyə Mərkəzi Bankdan bildirildi.