Ər və ya arvad etibarnaməsiz avtomobil sürərsə, sığorta ilə problemi ola bilər – ŞƏRH

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri əvəzi, polis mayoru Araz Əsgərli, saytımızda dərc olunan məqaləsində qeyd edib ki, ər və arvad icazəsiz bir-birinin avtomobilini idarə edə bilməz. Bunun üçün rəsmi icazə (etibarnamə) lazımdır. Bəs etibarnamə olmadan ər və arvad öz həyat yoldaşına məxsus avtomobili idarə edərkən qəza törətdikdə, sığorta şirkətləri ödəniş edirmi?

İndex.az məsələ ilə bağlı sığorta üzrə ekspert İlkin İbrahimov ilə əlaqə saxladı.

Ekspert İndex.az-a açıqlamasında bildirdi ki, Araz Əsgərlinin fikirləri ilə razıdır:

“Hətta əlavə olaraq bildirim ki, ər və ya arvad bir-birinə etibarnamə verirsə, onlar üçün dövlət rüsumu 50%-ə endirilir. Yəni iki şəxsdən biri, digərinə etibarnamə verərkən dövlət rüsumu olaraq 11 manat 20 qəpik ödəməlidir. Bu proses ər və arvad arasında olduqda isə rüsum 5 manat 50 qəpiyə endirilir. Məsələnin sığorta hissəsinə gəldikdə, əvvəllər sığorta şirkətləri belə hallarda etibarnamə tələb edirdi. Əgər etirbarnamə yoxdursa, sığortanı ödəməkdən imtina edirdilər. Çünki sığorta şirkətləri sənədlərə əsaslanaraq işlərini görürlər. Yəni müvafiq orqanın arayışı əsasında “Forma 4” təqdim olunur və orada mübahisə doğuran məsələyə uyğun ödəniş edilir. Daha öncə bir neçə dəfə belə hal baş vermişdi. Sığorta şirkəti ödənişi etməkdən imtina etmiş və vətəndaş öz növbəsində şirkəti məhkəməyə vermişdi. Məhkəmə isə vətəndaşın lehinə qərar çıxarmışdı. Bundan sonra artıq sığorta şirkətləri də etibarnamə olmasa belə ödənişləri edirlər”.