2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 232,2 mln. dollar təşkil edib.
İndex.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 86,2 mln. ABŞ dolları və ya 59% artıb.
2022-ci ilin yanvar ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. dollar artaraq 52,8 mln. dollar təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 56,5%, pambıq lifi ixracı 56,4%, pambıq iplik ixracı 34,5%, şəkər ixracı 24,1%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 10,2% artıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 31% artaraq 60,2 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 71,9% artaraq 172 mln. dollar təşkil edib.
2022-ci ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,1 mln. dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (70,6 mln. dollar) və Gürcüstan üçüncü (14,5 mln. dollar) olub.
2022-ci ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (22,2 mln. dollar) birinci, xurma (17,1 mln. dollar) ikinci və meşə fındığı (15,9 mln. dollar) üçüncü olub.