“Azəriqaz”: “Abonentlər qazla məsuliyyətsiz və laqeyd davranır”

Azərbaycanda bəzən abonentlər təbii qazdan istifadə zamanı məsuliyyətsiz və laqeyd davranır.

İndex.az xəbər verir ki, bunu bu gün Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

“Qış vaxtı qaz istehlakının artması ilə bağlı müəyyən xoşagəlməz hadisələrin olmasını heç kəs istəməzdi. Amma belə hadisələr baş verir. Onların kökünü araşdıran zaman məlum olur ki, hadisələrin böyük əksəriyyəti məsuliyyətsizlikdən və laqeydlikdən baş verir. Konkret olaraq, noyabrın 16-da Xırdalanda baş vermiş partlayış hadisəninin ilkin araşdırması zamanı gəlinən qənaət bunu bir daha təsdiq edir. Həmin binada ev təmirdən yeni çıxıb. 2020-ci ildə mənzildə qaz sayğacı quraşdırılıb, aktlaşdırılıb, təhvil verilib və həmin mənzildə yaşayış olmayıb. Abonent mənzilini təmir edən zaman layihə ilə nəzərdə tutulmuş mətbəx yerini dəyişib. Bu dəyişmənin qaydaları var. Əgər bir yerdə mətbəx quraşdırılırsa, tikinti norma qaydalarına uyğun olaraq həmin yerlə bütün kommunikasiya xətləri, tüstü bacası və havalandırma kanalı da həmin yerdən keçməlidir. Abonent bunu dəyişən zaman bütün sistemi pozmuş olur. Yəni artıq tüstü bacasına, havalandırma və ventilyasiya kanalına da çıxış məhdudlaşır və qaz kəmərinin yerini dəyişmək məcburiyyətində qalırıq”, – deyə o, qeyd edib.

“Bütün bunları etməmişdən qabaq layihədə uyğun dəyişiklik olmalıdır. Bundan sonra həmin kommunkasiyaları, konkret olaraq qazın çəkilişini mütəxəssislər, bu sahə üzrə ixtisaslaşdırılmış təşkilatlar aparmalıdır. Abonentlər qaz kəmərlərinə özbaşına müdaxilə etməməlidir və bu, yolverilməzdir”, – deyə “Azəriqaz” rəsmisi əlavə edib.