Noyabrın 16-da “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin, noyabrın 30-da isə “Royal Bank” ASC-nin və “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.
İndex.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 87 ünvanında yerləşən, ümumi sahəsi 259,7 kv.metr olan qeyri-yaşayış sahəsindən, “Royal Bank”a məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4 ünvanında yerləşən, ümumi sahəsi 81,3 kv.metr olan mənzildən və “Bank Standard”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 56A ünvanında yerləşən, ümumi sahəsi 143,2 kv.metr olan qeyri-yaşayış sahəsindən gedir. Əmlaklara müvafiq olaraq 770 min manat, 32 min manat və 300 min manat qiymət qoyulub.