“Azərbaycanda əmək haqqının gəlir vergisinə cəlb olunmayan hissəsinin 2 500 manatdan 5 000 manata qaldırılması təklif edilir. Bu təklifi hərtərəfli dəyərləndirmək lazımdır”.
İndex.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin bu gün keçirilən birgə iclasında deyib.
“Hazırda gəlir vergisini dövlət və neft sektorunda çalışanlar ödəyir. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar isə sahibkarlara dəstək proqramı çərçivəsində 2026-cı ilə qədər əmək haqqının 8 000 manata qədər olan hissəsi üzrə gəlir vergisi ödəməkdən azaddır. Bunu daha geniş kütləyə şamil etmək üçün məsələnin ilk növbədə maliyyə tərəfini hesblamalıyıq. İlkin hesablamalarımıza görə, təklif qəbul edilsə, bu, dövlət büdcəsində 150 milyon manat itki ilə nəticələnəcək. Söhbət, təxminən, 40 min nəfərdən gedir. Ona görə də gərək bunu hərtərəfli dəyərləndirək”, – nazir bildirib.
Report