“Bakıdakı qəzet və jurnal köşkləri xırdavat dükanlarıdır”

“Bakıdakı qəzet və jurnal köşkləri xırdavat dükanlarıdır”.

İndex.az xəbər verir ki, bunu “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayında çxxışı zamanı deyib.

Onun sözlərinə görə, mətbuat yayımı yazıçı ilə oxucu arasında əlaqə deməkdir: “Bu əlaqə olmadan yaradılan ədəbiyyat əhəmiyyətini itirir. Uzun illər mətbuata rəhbərlik edənlər ya bilərəkdən, ya da dərk etmədən, yaxud da öz şəxsi mənafeləri naminə bu əlaqəni xeyli zəiflədiblər. Bakı şəhərinin hər tinində qəzet və jurnal köşkləri var. Bu köşklərdə nə desən satılır. Bunlar min yox, iki min xırdavat dükanlarıdır. Ən yaxşı hallarda qəzet və jurnallar əhəmiyyətsiz bir şey kimi bir kənara yığılıb. Bu, 3-4 milyonluq Bakı boyda şəhərin əhalisinin gözləri qarşısında baş verir. Rayonlarda vəziyyət daha acınacaqlıdır. Bəs nə etməli? Əvvəla, hər bir ticarət şəbəkəsi öz təyinatı üzrə işləməlidir. İkincisi, ölkədə xeyli sayda kitabxanalar olmalıdır. Bu məsələlərə diqqət yetirilməlidir. Təhsil ocaqlarında da vəziyyət acınacaqlıdır. Nə jurnal, nə qəzet alırlar”.

İ.Qasımzadə bildirib ki, ədəbiyyat uşaqlara, xüsusilə də gənclərə çatdırılmalıdır: “Bu məsələ ilə ilk növbədə aidiyyəti idarələr məşğul olmalıdırlar. Xahiş edirəm ki, bu söylədiklərinə qurultayın qəbul edəcəyi sənədə daxil edilsin”.