“Qaz sayğacı qonşu küçədə yerləşir. Bu səbəbdən bir neçə dəfə sayğaca kənar müdaxilələr edilib. Xahiş edirəm sayğacın yerinin dəyişdirilməsində mənə köməklik edəsiniz.”
İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, bu müraciətlə Qax rayonu İlya Çalçavadze küçəsinin sakini Nizami Ramazanov çıxış edib.
O, həmçinin fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini də istəyib. Qonşu küçələrə qaz xəttinin çəkildiyini deyən Fazil Süleymanov tezliklə öz küçələrinin də qazlaşdırılması ümidi ilə müraciət ünvanlayıb.
Alıyev Səbuhi isə Azadlıq küçəsindəki yeni yaşayış massivinin qazlaşdırılmasını xahiş edib. “Açıq mikrofon” aksiyasında ümumilikdə 9 müraciət dinlənilib.
Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən abonentlərin qarşılaşdığı problemlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.