II Fəxri xiyabanda şəhid anası mərasimdə iştirak edən bəzi şəxslərin dini şüar səsləndirməsinə etiraz edib.
İndex.az xəbər verir ki, sosial şəbəkədə yayılan videoda şəhid anası xiyabandakı məzarların başında dini şüarlar səsləndirənlərə belə etiraz edib:
“İçim oğlum üçün yanır. Hüseyin ağaya canım qurban. Az əvvəl bura gələn şəhidin o körpə balasının üzündəki hüznü və kədəri gördünüz. Siz hərbi forması əynində çürümüş, ayağı mazol olmuş 23 yaşlı şəhid balam Elvinimi deyin… Oğlum şəhid olanda yanında anası-atası yox idi. Balam gülə-gülə şəhid oldu. Güllə girib bütün bədənini parçalayıb. Canım qurban, hamısına canım qurban. Bu gün bu şəhidlərin adını çəkib ağlayın, arxasında qoyduqları körpələrinin adını çəkib ağlayın. Nə olar, bu gün şəhidimiz, burada uyuyan şəhidlər üçün ağlıyaq. Balalarımızın hamısı neytralda qalıb. Çıxarda bilmirlər. Qəbirlər qazıldı, sonra yenidən örtüldü. Orada balalarımız can verirlər. Oğlumun dörd ay arxasında gedə bilmədim. Bu gün bunlara ağlayın. Ağlayın ki, bizim də ürəyimizə su səpilsin. “Elvinim” deyin, “Pərvinlərim” deyin, Vəliləri, Əkbərləri deyin. Niyə bunları demirsiniz ki? Mən oğlumun cənazəsini tanımadım, oğlumu son bir dəfə görə bilmədim. Bir gündə mənə iki oğlumun acı xəbəri gəldi. Bilmədim hansı oğlumu soruşum. Hansının halına yanım. Hamınız dini bilirsiniz, xətrinizə dəyməsin bu gün mən bunların halına yanıram. Ürəyim balam üçün yanır. Başqa cür edə bilmirəm”.