Azərbaycanın tanınmış şirkətlərindən olan «The Snack Company» 2021-ci ili zərərlə başa vurub.
İndex.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə «The Snack Company»nin 5 milyon 320 min manat əməliyyat gəliri olub. Bu 2020-ci illə müqayisədə 2,4 milyon manat və ya 31% azdır.
Satışın maya dəyəri isə 3 milyon 934 min manat təşkil edib.
Nəticədə şirkətin ümumi mənfəəti 1 milyon 386 min manat olub. Daha 212 min manat isə digər gəlirlərdən əldə edilib.
2021-ci ildə «The Snack Company»nin xərcləri kəskin artıb. Şirkət inzibati xərcdlərə 1 milyon 838 min manat, kommersiya xərclərinə 88 min manat, sair əməliyyat xərclərinə 29 min manat sərf edib.
Nəticədə «The Snack Company» 2021-ci ili 507 min manat xalis zərərlə başa vurub, halbuki, 2020-ci ildə şirkətin 641 min manat xalis mənfəəti vardı.
2021-ci ildə «The Snack Company»nin aktivləri 1 milyon manatdan çox və ya 21,6% azalaraq 5 milyondan 3,9 milyon manata enib.
Amma ən böyük azalma şirkətin kapitalında olub. 2021-ci ildəki zərər «The Snack Company»nin az qala bütün kapitalını «əridib» – kapital göstəricisi 2020-ci ilin sonundakı 612 min manatdan 2021-ci ilin sonunda 102 min manata enib.
Mənbə – FED.az