Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycanda 669 şəxsə 53 milyon manat ipoteka krediti verilib.
İndex.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Fondun Baş direktoru İlham Kələşov bildirib.
“2018-ci ildən etibarən ölkədə ipoteka kreditləri üzrə zəmanət mexanizmi tətbiq edilib. İpoteka kreditlərinə zəmanətin verilməsi və rəsmiləşdirilməsi, tərəflər arasında münasibətlər Prezidentin 1 may 2018-ci il fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qayda”sı ilə tənzimlənir.
İpoteka kreditlərinə zəmanət – borcalanın kredit üzrə öhdəlikləri icra etməməsi və girovun hərrac vasitəsilə satışı nəticəsində bankın itkilərinin sığortalanmasıdır. Yəni, borcalanın defoltu halında girov qoyulmuş əmlakın satışından əldə olunan vəsait kredit üzrə borcalanın banka qalıq borcunun ödənilməsinə tam kifayət etmədikdə, yaranan fərqi (xalis zərər) Fond banka ödəyir.
Beynəlxalq təcrübə göstərir ki, ipoteka kreditlərinə zəmanət mexanizminin tətbiqini və inkişafını bir çox ölkələrdə dövlət həyata keçirir. Məsələn, ABŞ, Kanada, Malaziya, Rusiya, Qazaxıstan və s. Bu mexanizm bankın ipoteka kreditləşməsi ilə bağlı maliyyə risklərinin tam sığortalanması və optimal idarə olunması və nəticə etibarilə şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka kreditinə çıxış imkanlarını, ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şərait yaradır”, – deyə o, qeyd edib.