“Hazırda şirkətimiz gündəlik 40 000 manat ziyanla işləyir”.
İndex.az xəbər verir ki, bu sözləri Xəzər Xəbərə sərnişindaşıma ilə məşğul olan sahibkar deyib.
Sərnişindaşıyanlar narazılıq edirlər. Deyirlər ki, pandemiyadan sonra yaranan vəziyyət onları çıxılmaz vəziyyətdə salıb. Maliyyə baxımından çətinlikləri var. Avtobusların ehtiyat hissələri isə 2-3 dəfə baha qiymətə satılır:
“Qarajda təmir səbəbindən saxlanılan çox sayda avtobus var. Maddi durum onları təmir etməyə imkan vermir. Ehtiyac olduğuna görə 16-17 avtobus təmir edib xəttə buraxırıq. Günü-gündən vəziyyətimiz pisləşir. Bu cür davam edərsə, şirkət iflasa uğrayacaq”.
Daşıyıcı şirkətlərin rəhbərləri çıxış yolunu qiymət artımına getməkdə görürlər. Təbii ki, bu qərarı Tarif Şurası verir.
Yaxın günlərdə yeni tədris ilinin başlanacağını nəzərə alsaq, bu zaman ictimai nəqliyyata tələb birə-beş artacaq.
Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev bildirdi ki, baş verənlərdən məlumatlıdırlar. Vəziyyət bu cür davam edərsə, sərnişindaşımada mənfi təsirlər gözləniləndir. Məsələni tənzimləmək üçün qurum tərəfindən yeni mexanizm hazırlanıb və yaxın vaxtlarda işə salınacaq. Bu model həm də şirkətlərin maliyyə dayanıqlığını təmin edəcək.