Naxçıvanda siqaretin qiyməti ikiqat bahalaşıb

Naxçıvanda istehsal olunan siqaretlərin qiyməti 80-90 faiz bahalaşıb.

İndex.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a alıcılar məlumat verib. Onların sözlərinə görə, indiyə kimi aldıqları Naxçıvan istehsalı olan “Milano” 1 manat 40 qəpikdən 2 manat 60 qəpiyə, “Keno” isə 80 qəpikdən 1 manat 50 qəpiyə kimi bahalaşıb. Hər iki siqaret markasının “Naxçıvan Tabako İnternational” şirkəti istehsal edir. Bu şirkətin Talıbovlara məxsus olduğu bildirilir.

Pərakəndə siqaret satışını həyata keçirən Şərur rayon sakini Talıb Bağırov deyir ki, qiymətlər anidən qaldırılıb:

“Bakıda qiymətlər yavaş-yavaş, qəpik-qəpik qaldırılır. Naxçıvanda isə birdən-birə qaldırdılar. “Milano”nu topdan 1 manat 40 qəpiyə alırdıq, indi 2 manat 20 qəpik olub. Biz də üzərinə 20-30 qəpik qoyuruq. 60 qəpiyə aldığımız “Keno”nu indi 1 manat 40 qəpiyə alıb, 1.60-a satırıq”.