“Azəriqaz”a müraciətlərin sayı ötən ilə müqayisədə azalıb

“Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti şöbəsinə 276 şəhid ailəsi, 304 müharibə veteranı, 179 qazi müraciət edib.

İndex.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası zamanı bildirib.

“Aztəminatlı ailə, milli qəhrəman və şəhid adına küçə verilməsi ilə bağlı isə 48 müraciət daxil olub. Ümumilikdə isə 8 ay ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinə 807 müraciət daxil olub. Müraciətlərin 394-ü qazlaşma ilə bağlıdır. Xətt və ya sayğacların dəyişdirilməsi ilə bağlı Təmir-tikinti şöbəsinə 413 müraciət daxil olub”.

O, bildirib ki, ünvanlanan müraciətlər aidiyyatı üzrə regonlara yönləndirilib. Şəhid, qazi, müharibə veteranlarının müraciətlərinin yetmiş faizi tam icra olunub, digər müraciətlər icraatdadır və ya sui-istifadə hallarına yol verildiyi üçün imtina edilib.

“Azəriqaz” İstehsalat Birliyinin Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşəyin sözlərinə görə, “Azəriqaz” Çağrı mərkəzinə Bakı və Abşeron rayonundan 221 müraciət daxil olub.

“Ümumilikdə il ərzində 6500-dən çox müraciət daxil olub ki, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə daha azdır. Bunun səbəbi isə odur ki, quruculuq işləri görülür, küçə xətləri yenilənir”.