“Gözləyirdik ki, yay gəlsin, bəlkə bu avtobusdakı basabas bir az azalsın. Amma iyunun 14-dən bəri, yəni məktəblər, universitetlər bağlanandan sonra vəziyyət daha da pisləşdi”.
Bu şikayətlə “Qafqazinfo”ya Maştağa qəsəbəsinin bir qrup sakini müraciət edib. Onlar M8 nömrəli marşrutun hərəkət intervalından narazıdırlar. Şikayətçilər bildirir ki, yay girəndən avtobusların sayı azaldılıb və dayanacaqda 35-40 dəqiqə avtobus gözləməli olurlar.
Sakinlər avtobusun qrafik üzrə işləməməsi, gecikmələrin həddən artıq çox olması ilə bağlı aidiyyəti qurumlara şikayət etdiklərini də deyiblər: “Qış aylarında vəziyyət indikindən qat-qat yaxşı idi. Düşünürdük ki, dərslər bitəndən sonra məktəblilərin olmaması ilə əlaqədar avtobusların içində boşluq olar. Lakin iyunun 14-dən məktəblilərlə bərabər, sanki avtobusların sayını da azaltdılar. Yarım saat avtobus gözləyirik. M8 gəlib çıxanda da o qədər adam olur ki, tutub dayanmağa yer olmur. Təhlükəli vəziyyətdə gedib-gəlirik. Sürücülər qanunsuz olaraq avtobusun arxa qapılarını da minənlər üçün açırlar. 60-70 nəfər tutumu olan avtobuslarda 200 adam daşıyırlar”.
Vətəndaşlar qeyd edir ki, qışda bu istiqamət üzrə yollarda sıxlıq, tıxac olsa da, hazırda həmin yollar demək olar ki, boşdur: “Qış aylarında həmin sıxlıqla vaxtında gəlib çatan avtobusların indi niyə gecikdiyini anlamaq çətin deyil. Avtobuslar sadəcə olaraq qaraja yığılıb və bundan sərnişinlər əziyyət çəkir”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin rəhbəri Mayıs Ağayev isə “Qafqazinfo”ya bildirib ki, bu vəziyyətin baş verməsinə səbəb nəqliyyat sıxlığıdır: ““BakuBus”ın istismarında olan M8 xətti üzrə gündəlik olaraq xəttə 10 avtobus çıxarılır. Bu marşrut xətti üzrə avtobuslararası interval qrafikə əsasən, 15 dəqiqə olmalıdır. Lakin Heydər Əliyev prospekti və Zabrat şossesində müşahidə olunan nəqliyyat sıxlıqlarına görə interval 20-25 dəqiqəyə qədər artır”.