Restoran sahibləri nazirliyin yalanını üzə çıxardı – ARAŞDIRMA

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlardan havaya normadan artıq tullantı atılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, təmizləyici qurğulara texniki xidmət göstərilməsi ilə bağlı xəbərdarlıqlara məhəl qoymayan ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, keçirilən növbəti monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Binəqədi və Nizami rayonları ərazisində fəaliyyət göstərən “Pink House”, “Kişmiş”, “Sonalar Sonası”, “Üzeyir”, “Hissa”, “Qızıl Qaya” və “Qızıl Buta” restoranlarından, eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən “Yaşıl Bağ” iaşə obyektindən havaya normadan artıq tullantı atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi müəyyən olunub:

 

“Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən sözügedən restoran və şadlıq saraylarının istismarçıları barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib”.

 

İndex.az-ın apardığı araşdırma zamanı məlum olub ki, adları yuradı qeyd edilən bəzi iaşə obyektlərinin sahibləri və idarəçiləri verilmiş qərardan narazıdır.

 

“Yaşıl Bağ” restoranının sahibi Elşad Qasımov İndex.az-a bildirib ki, cərimə etməmişdən əvvəl ona heç bir xəbərdarlıq olunmayıb:

 

“Qonşu şəkillər çəkib göndərib. Deyib ki, tüstü evimə dolur. Mənə desəydi problem özüm həll edərdim. Birdən-birə gəlib 2000 AZN cərimə yazdılar. Mənə daha öncə heç bir xəbərdarlıq edilməyib”.

 

“Qızıl Qaya” restoranının administratoru Rəşad Abdullayev isə İndex.az-a bunları dedi:

 

“Səhər saatlarında gəldilər, çöldən şəkillər çəkdilər və akt tərtib etdilər. Gedib şikayət ərizəsi yazdım ki, belə şey olmaz. Növbəti gün yenidən gəldilər. İçlərində bir əməkdaş var idi, soyadını bilmirəm, amma adı yadımdadı – Anar. Dedi ki, o aktı düz gözünün qabağında yazacam. Əlində tüstünü ölçmək üçün alət var idi. Qəsdən apardı düz manqalın yananda tutdu. Dedi normalda 5% olmalıdır, amma 25% göstərir. Mən qarşılığında bildirdim ki, biz havatəmizləyici qurğunu yeni almışıq. Qiyməti 25 min manatdır. Sənədlərimiz də qaydasındadır. Qonşu restoranlardan misal çəkdim. Hansı ki, onlarda heç hava təmizləyici qurğu yoxdur. Soruşdum ki, onlarda neçə faiz göstərir? Dedi ki, 200%. Amma həmin restoranlara nə xəbərdarlıq olunur, nə cərimə edilir! Çünki “day-day”ları var. Nə vaxt ki, manqalda kabab bişirməyə başlayırıq, tez özlərini çatdırırlar. Çünki bilirlər ki, kababın tüstüsü çox olur. Ağızlarını da açanda, 6 min manatdan başlayırlar“.

 

İndex.az olaraq məsələni nəzarətdə saxlayacağıq.