Niyə hələ də qadınlar kölə kimi yaşayır?

Son günlərdə sosial şəbəkələrdə yayılan görüntülər ölkə gündəmini zəbt etdi. Sürücü tərəfindən qadının avtobusdan təpiklə çıxarılmasını yəqin ki, hamımız xatırlayırıq. Mübahisə zamanı qadının sürücüyü təhqir etməsi və çanta ilə vurmağa çalışması onu göstərir ki, o xanım da evində şiddət görür. Çünki şiddət görməyən insan şiddətə meylli olmaz, hələ ki cəmiyyət içində. Bu hadisədən yola çıxaraq qadınların yaşadıqları travmalar və onlara göstərilən şiddət barədə yazmağa qərar verdim.

Hərkəsə məlumdur ki, ölkəmizdə, xüsusilə də kəndlərdə ailədaxili şiddət baş alıb gedir. Təəssüf ki, bu gün şiddətin olmadığı çox nadir evlər tapmaq olar. Məsələ ondadır ki, qadınlar təkcə fiziki yox eyni zamanda psixoloji şiddətə də məruz qalırlar.

Yaxın zamanda istirahət etmək üçün ata-baba yurdum olan kəndimizə getdim. Təsəvvür edin, 15-16 yaşında olan qızlar ya qoşulub qaçırılır, ya da zorla ailə qururlar. Təbii ki öz razılıqları ilə ailə quranlar də var ki, bunun da səbəbi uşaq yaşından qızları oxumağa, təhsil almağa yox, evlənib uşaq sahibi olmağa yönləndirirlər. Fikrimcə, bu da bir insanın ruhunu öldürmək deməkdir.

Məsələ ondadır ki, təkcə ölkəmizdə yox, bir çox xarici ölkələrdə də qadınlara sözün əsl mənasında rahat yaşamağa imkan vermirlər. Bəs xaricdə qadına necə davranılır? Bununla bağlı da balaca bir araşdırma apardım. Araşdırmamdan sonra belə qənaətə gəldim ki, bir çox ölkələrdə qadına şəxsiyyət kimi yox, bir əşya kimi baxılır.

Belə ki, Səudiyyə Ərəbistanı və Mərakeşdə təcavüz qurbanları cinayətdə ittiham oluna bilər. Təsəvvür edin, təcavüzə uğrayırsınız və qadına təcavüz edəni yox, təcavüzə uğradığı üçün qadını cəzalandırırlar. Gülməli da olsa, acı həqiqətdir.

Səudiyyə Ərəbistanı ilə yanaşı bir çox ölkə zorlama qurbanlarını qoruya bilmir, bəziləri də qadınları yoldaşı olmadan evi tərk etdiklərinə, qohum olmayan kişi ilə tək qaldıqlarına və ya sonradan hamilə qaldıqlarına görə cəzalandırırlar. Ən bədnam hadisə isə deyərdim ki, Mərakeşdə baş verib. Belə ki, bu yaxınlarda baş verən intihar hadisəsi mətbuatın manşetlərinə çevrilib. 16 yaşlı Əminə Filali hakim onu ​​təcavüz etdiyi iddia edilən şəxslə evlənməyə məcbur etdikdən sonra özünü öldürüb.

Yəməndə isə qadınlar şahidlik edə bilməz. Ümumiyyətlə, subay qadının ifadəsi kişi ifadəsi ilə dəstəklənmirsə, ciddi qəbul edilmir. Qadınlar həmçinin zina, böhtan, oğurluq hallarında qətiyyən ifadə verə bilməzlər.

Hindistanda yol təhlükəsizliyi qaydaları qadınlara şamil edilmir. Hindistanın bəzi ştatlarında qadınlar motosiklet sürürsə və yaxud sərnişin kimi bu nəqliyyat vasiyətəsinə minirsə dəbilqə taxmamalıdır. Bu da hər il minlərlə insanın ölümünə və ya yaralanmasına səbəb olur.

Ekvadorda abort qanunsuzdur. Bu ölkədə abort etmək cinayət hesab olunur.

Vatikanda qadınlar hələ də səs verə bilməzlər. Vatikan qadınlara deyil, kişilərə səs verməyə icazə verən yeganə ölkədir.

Lesotoda qadınların torpaq sahibi olmaları məhdudlaşdırılır. Bu Afrika ölkəsində qadın bir kişi ilə birgə imza atmadan əmlak və ya torpaq üzərində müstəqil sahib ola bilməz. Bu onun əri və ya atası ola bilər. Ərləri vəfat etdikdə dul qadınlar evlərini itirə bilərlər.

İordaniyada müsəlman qadınların qeyri-müsəlmanlarla evlənməsi qadağandır. Müsəlman kişilərin müsəlman olmayanlarla, eləcə də müsəlman qadınlarla evlənməsinə icazə verilir. Çünki uşaqlar daha çox atalarının adı, mədəniyyəti, adət-ənənələri və inancları ilə tanınırlar. Belə ki, qadın qeyri-müsəlman kişi ilə evlənərsə, onların nikahı tanınmaz. Çünki kişi müsəlman dinini, mədəniyyətini və adət-ənənələrini ötürə bilməz.

Svazilenddə qadınlara şalvar geymək qadağandır. Şalvar geyinmək yerli adət-ənənələrə hörmətsizlik hesab olunur.

Papua-Yeni Qvineya kimi yerlərdə tayfalar öz həyat yoldaşının ölümünə yas saxlamaq üçün qadınların barmaqlarını kəsir. İnkişaf etməkdə olan ölkələrdə qadınlara ən böyük maneələrdən biri təhsilə çıxışın olmamasıdır ki, bu da təəssüf ki, dünyada savadsız əhalinin üçdə ikisini qadınların təşkil etməsi ilə nəticələnir. Qadınlardan evdə qalmaq, yemək bişirmək və uşaqlara baxmaq kimi köhnəlmiş rollara riayət etmələri gözlənilir.

İnkişaf etməkdə olan ölkələrdə uşaq gəlinlər və erkən hamiləlik hallarına rast gəlinilir. Təəssüf ki, qadınlar cinsi və fiziki zorakılığa, eləcə də seks alverinin qurbanı olmağa məruz qalır. Günahkarlar üçün çox vaxt daha az sərt cəza verilir. Bu ölkələrdə qadınların yoxsulluğa düşməsinə də daha çox rast gəlinir, çünki onlar üçün daha az iş imkanları mövcuddur.

Burdan da göründüyü kimi, dünyanın bir çox yerində, eləcə də öz ölkəmizdə qadınların layiq olduqları hörmət qoyulmur və bir çox məsələdə haqları əllərindən alınır. Ümid edirəm, yaxın gələcəkdə qadınlar öz hüquqları uğrunda mübarizə aparar və başqalarının sürüklədiyi həyat standartlarından uzaqlaşarlar. Çünki, düz deyiblər ki, qadın böyük qüvvədir.

Amma bunu da qeyd etməliyəm ki, əzilən qadınlarla yanaşı lider qadınlarımız da var. Xalq qəhrəmanı Həcəri, Xan qızı Natəvanı, tarixin ilk türk qadın hökmdarı Tomrisi unutmayaq. Müasir dünyamızda isə siyasətdə, təhsil sistemində, biznesdə öz sözünü demiş qadınlarımızın sayı hesabı yoxdur. Düşünürəm ki, dünya inkişaf etdikcə öz ayaqları üstündə duran qadınların sayı daha da çoxalacaq.

Yeri gəlmişkən, bir deyim də var: Hər uğurlu kişinin arxasında mütləq bir ağıllı qadın dayanıb!…

 

Kəmalə Alıyeva