Əmək müqaviləsi ilə çalışan işçinin əsas hüquqlarından biri də hər il Əmək Məcəlləsində nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən istifadə etməsidir.
İndex.az xəbər verir ki, məzuniyyət haqqının hesablanması ilə bağlı sual doğuran məqamları “vergiler.az” üçün iqtisadçı ekspert Anar Bayramov şərh edib.
Əmək Məcəlləsinin 140-cı – “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi” maddəsinin birinci hissəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.
Maddədə, həmçinin qeyd edilir ki, məzuniyyət haqqının hesablanması zamanı işçinin birinci, ikinci və ya daha çox iş ili olmasının hesablamaya hər hansı təsiri yoxdur.
Maraqlıdır ki, işçi 12 aydan az işlədikdə məzuniyyət haqqı necə hesablanmalıdır? Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci hissəsində qeyd edilir ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Əmək qabiliyyətinin itirilməsi zamanı müavinətin hesablanması ilə bağlı Əsasnamədə qeyd edilir ki, işçinin hansı müddətdə işləməsindən asılı olmayaraq dövr olaraq 12 ay götürülür. Məzuniyyətlə bağlı əmək qanunvericiliyinin tələbi fərqlidir.
Misal 1: 1 mart 2021-ci il tarixdə işə qəbul olunan işçi 15 oktyabr 2021-ci il tarixdə işəgötürənə müraciət edir ki, 22 oktyabr 2021-ci il tarixdən 15 gün müddətinə əmək məzuniyyətinə çıxmaq istəyir. Deməli, işçinin işlədiyi tam ayların sayı 7 ay (1 mart – 30 sentyabr 2021-c il) olduğuna görə hesablama zamanı 7 ayın göstəriciləri əsas götürüləcək.
Bir məsələni qeyd edək ki, işçi işə qəbul olunduqdan sonra hər hansı səbəbdən 12 təqvim ayının hamısını işləməyibsə, hesablama zamanı yenə də 12 ay əsas götürülür.
Misal 2: İşçi 1 sentyabr 2020-ci il tarixdə işə qəbul olunub, 2021-ci ilin iyul-avqust aylarında ödənişsiz məzuniyyətə çıxıb. 10 oktyabr 2021-ci il tarixdə əmək məzuniyyəti hüququndan istifadə etmək istəyir.
İşçinin əvvəlki 12 ayın 2 ayında ödənişsiz məzuniyyətlə əlaqədar əmək fəaliyyətinin olmamasına baxmayaraq, məzuniyyət haqqının hesablanması üçün cəmi məbləğ 10 aya yox, 12 aya bölünəcək.
Misal 3: 10 fevral 2021-ci ildə işə qəbul olunan işçi 25 noyabr 2021-ci il tarixdə 15 günlük məzuniyyətə çıxır. İşçi 10 mart 2021-ci il tarixindən 10 günlük ödənişsiz məzuniyyətdə olub. Bu halda işəgötürən tərəfindən işçiyə əmək məzuniyyəti haqqının hesablanması üçün 2020-ci ilin mart-oktyabr dövrü əsas götürüləcək. İşçi mart ayında 10 günlük ödənişsiz məzuniyyətdə olduğu üçün hesablamada bu ayın əməkhaqqı aşağı məbləğdə nəzərə alınacaq.