
Mayın 7-də “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaqda səsvermə Bankın Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən qiyabi şəkildə, Milli Depozit Mərkəzinin İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə baş tutacaq.
Yığıncağın gündəliyinə ABB-nin kənar auditor yoxlamasından keçmiş 2024-cü il üzrə maliyyə hesabatlarının və idarəetmə hesabatının təsdiq edilməsi; ilin maliyyə nəticələrinə əsasən səhmdarlara dividendin ödənilməsi, Bankın Audit Komitəsinin müstəqil kənar üzvlərinin mükafatlandırılması daxildir.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.