ADB: Azərbaycanda kapital bazarının inkişafına dəstək verməyə hazırıq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda kapital bazarının inkişafına dəstək göstərməyə hazırdır.

İndex.az “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” (AFBİA) İctimai Birliyinə istinadən xəbər verir ki, bunu ADB-nin ölkə direktoru Sunniya Durrani-Jamal bildirib.

Məlumata görə, Bankın araşdırma missiyasının nümayəndəliyinin iştirakı ilə yerli kapital bazarının inkişafına həsr olunmuş görüş keçirilib. Görüşdə “Bakı Fond Birjası” QSC-nin (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov, İdarə Heyətinin (İH) sədri Ruslan Xəlilov, İH-nin üzvü Oqtay Qasımov, həmçinin AFBİA-nın icraçı direktoru Murad Yəhyayev də iştirak ediblər.

F.Axundov son illər kapital bazarının inkişafı üçün həyata keçirilən islahatlar, görülən işlər, gələcək planlar, xüsusilə bazar infrastrukturunun modernləşdirilməsi, yeni maliyyə alətlərinin tətbiqi və yerli investorların bazara cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verb.

R.Xəlilovə kapital bazarının likvidliyinin artırılması və ticarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində atılan addımları vurğulayıb, investisiya cəlbediciliyinin artırılması üçün beynəlxalq təcrübənin tətbiqinin və xarici investorlarla əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

M.Yəhyayev kapital bazarında maliyyə savadlılığının artırılmasının əhəmiyyətindən bəhs edərək, bu istiqamətdə assosiasiya tərəfindən həyata keçirilən təşəbbüslər barədə ətraflı məlumat verib. O, beynəlxalq təcrübəyə əsaslanan təlim proqramlarının, investor maarifləndirilməsinin və müxtəlif seminarların təşkilinin bazarın inkişafına müsbət təsir göstərəcəyini bildirib.

S.Durrani-Jamal isə ADB-nin Azərbaycanla əməkdaşlığı çərçivəsində kapital bazarının inkişafına dəstək göstərməyə hazır olduqlarını və gələcəkdə yerli bazarın qlobal maliyyə sisteminə inteqrasiyasına töhfə vermək məqsədilə birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.