Bu il hansı əmlakların qiymətləri bahalaşacaq? – AÇIQLAMA

“Hər il Bakının daşınmaz əmlak bazarında 10-20% qiymət artımı müşahidə olunur”.

Bu sözləri İndex.az-a danışan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev söyləyib.

Ekspertin sözlərinə görə, 2025-ci ildə də qiymət artımları qaçınılmaz olacaq:

“Xüsusilə yeni tikilmiş binaların satış qiymətlərində ciddi şəkildə artımlar müşahidə olunur. Qiymət artımının əsas səbəbi ötən illərə nisbətən çox mənzilli binaların daha az inşa edilməsidir. Bununla yanaşı yeni tikilmiş mənzillərə tələbatın artması və şirkətlərin tikinti xərclərinin çoxalması qiymət artımına təsir edən amillərdəndir. Bakı şəhərinin baş planına uyğun olaraq bir sıra bölgələrdə söküntü işləri aparılır. Söküntü işlərinin aparıldığı torpaqlar dövlət ehtiyacı üçün alınır. Bu torpaqlarda infrastrukturun yaxşılaşdırılması üçün parklar salınır, binalar tikilir və yeni yollar çəkilir. Bu proseslər isə əmlak bazarına kütləvi şəkildə yeni alıcıların yönəlməsinə şərait yaradır. Belə ki, söküntü gedən ərazilərdə yaşayan əhaliyə kompensasiya olaraq nağd pul verilir. Mənzilləri sökülmüş əhali isə nağd alıcı kimi əmlak bazarına daxil olur”.

Elnur Fərzəliyev bildirib ki, 2025-ci ildə əmlak qiymətlərində baş verən artımların dayandığını görə bilərik:

“2025-ci ildə çıxarışsız əmlakların çıxarışla təmin olunacağı gözlənilir. Bu isə əmlak bazarına on minlərlə çıxarışlı əmlakın daxil olmasına zəmin yaradacaq. Daha ucuz qiymətə olan çıxarışlı əmlakların bazarda üstünlük təşkil etməsi qiymət artımını dayandıra bilər. Torpaq sahələrində də qiymət artımları gözlənilir. Daha çox qiymət artımı çıxarışlı torpaq sahələrində qeydə alınacaq. Çünki bazarda çıxarışlı torpaq sahələrinin sayı çox azdır. Qiymət artımları ən çox Bakının mərkəzində qeydə alınacaq. Bir sözlə, qiymət artımı Bakının hər yerində qeydə alınacaq. Bu artımın qarşısını isə bazara çıxarılacaq çıxarışlı mənzillər ala bilər”.