2025-ci ildə bu tip daşınmaz əmlaklar bahalaşacaq – AÇIQLAMA

“Artıq uzun illərdir ki, ölkənin daşınmaz əmlak bazarlarında qiymət artımı müşahidə olunur”.

Bunu İndex.az-a daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspertin sözlərinə görə, qiymət artımı daha çox paytaxt Bakı və digər böyük şəhərlərdə baş verir:

“Bu artımın səbəbi bu ərazilərdə olan daşınmaz əmlaklara tələbatın artmasıdır. Qiymət artımları daha çox ipoteka predmetinə çevrilə bilən daşınmaz əmlaklarda müşahidə olunur. Son üç ilin statistikasına nəzər salsaq görərik ki, satılan daşınmaz əmlakların 70%-i müxtəlif növ kredit şərtləri ilə satılır. Bu əmlaklar ipoteka predmetinə çevrilə bilən, qiymətləri 100-250 min manat arasında dəyişən əmlaklardır. 2025-ci ildə də tələbat daha çox bu əmlaklara olacaq və onların satış qiymətlərində artım gözlənilir”.

ELnur Fərzəliyev bildirib ki, 2025-ci ildə çıxarışsız həyət evlərinin çıxarış alması planlaşdırılır:

“Bu planın həyata keçirilməsi əmlak bazarına on minlərlə yeni əmlakın daxil olmasına şərait yaradacaq. Əmlak bazarına daxil olan yeni əmlaklar isə qiymət artımını ləngidərək sabitlik yarada bilər. Bununla yanaşı, ucuz həyət evləri çıxarışla təmin olunarsa, aztəminatlı ailələrin ev alması daha da asanlaşacaq”.