Ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 6 milyard 158,5 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
İndex.az Fonda istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 740,7 milyon ABŞ dolları və yaxud 10,73 % azdır.
2023-cü ildə ARDNF yataqlar blokunun işlənməsindən 6 milyard 899,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
2024-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 442,085 milyon ABŞ dolları gəlir əldə edib.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 865,915 milyon ABŞ dolları və ya 2,96 dəfə azdır.
Ötən il Fonda daxil olan vəsaitlərin 132,482 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 191,914 milyon ABŞ dolları və ya 2,45 dəfə azdır.
2023-cü ildə ARDNF-in “Şahdəniz” yatağı üzrə işlənmədən əldə etdiyi gəlir 1 milyard 308 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 324,396 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,655 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,925 %) pay sahibidir.
“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).