Rövşən Əmircanov: “Ölkədə qiymətli daşların yoxlanılması üçün gemoloji mərkəzlər yoxdur”

Rövşən Əmircanov: “Ölkədə qiymətli daşların yoxlanılması üçün gemoloji mərkəzlər yoxdur”

“Qiymətli daşların keyfiyyət və həqiqiliyinin yoxlanılması üçün gemoloji mərkəzlərin və laboratoriyaların olmaması hazırda ən böyük problemlərdən biridir”.

Bu sözləri İndex.az-a müsahibəsində Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov söyləyib:

“Hazırda qiymətli daşlar sahəsindəki ən böyük problemlərdən biri, onların keyfiyyət və həqiqiliyinin yoxlanılması üçün gemoloji mərkəzlərin və laboratoriyaların olmamasıdır. Ölkəyə daxil olan almaz, sapfir, zümrüd, aleksandrit və rubin kimi qiymətli daşların karatı, çəkisi və saflıq göstəriciləri müəyyən edilməlidir. Bunun üçün satış mərkəzləri tərəfindən müvafiq sertifikatların təqdim olunması vacibdir. Eyni zamanda, alıcıların aldıqları məhsullara dair rəsmi qurumlar tərəfindən təsdiqlənmiş sənədlərin olması da mühüm əhəmiyyət daşıyır. Alınan məlumatlara əsasən, bu istiqamətdə müvafiq qurumlar tərəfindən işlər aparılır. Yaradılması nəzərdə tutulan qurum həm nəzarət funksiyalarını həyata keçirəcək, həm də qiymətli daş və metallarla bağlı laboratoriyalara sahib olacaq. Bu təşəbbüs, yalnız vətəndaşların maraqlarını qorumaqla yanaşı, iri sahibkarların maraqlarını da təmin etmək məqsədi daşıyır”.

Rövşən Əmircanov Assosiasiyanı narahat edən əsas problemlərindən də söz açıb. O bildirib ki, zərgərlərin qarşılaşdığı çətinliklər birbaşa Assosiasiyanın da problemləridir:

“Assosiasiyanın əsas missiyası bu sahənin inkişafına töhfə verməkdir. Zərgərlik sənətində ixtisaslaşmış kadrların azlığı ciddi problemlərdən biridir. Peşəkar və savadlı zərgərlərin hazırlanması üçün təhsil proqramlarının məhdudluğu bu sahənin inkişafını əngəlləyir. Assosiasiya, bu boşluğu aradan qaldırmaq üçün müxtəlif təlim və sertifikasiya proqramlarına dəstək olur. Eyni zamanda, gənclər arasında zərgərlik sənətinə marağın artırılması üçün maarifləndirmə işləri aparılır. Azərbaycan qədim və zəngin zərgərlik ənənələrinə malikdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi əsas prioritetlərdən biridir. Zərgərlik məhsullarının beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması prosesi kifayət qədər təkmilləşdirilməyib. Bu, məhsulların xarici bazarlarda tanınmasını çətinləşdirir. Assosiasiya, məhsul keyfiyyətini yüksəltmək və dünya bazarlarına çıxışı təmin etmək üçün standartlaşdırma işlərinin təkmilləşdirilməsini dəstəkləyir, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə texniki komitənin fəaliyyətinə dəstək verir. Assosiasiya təbliğat sahəsində daha aktiv fəaliyyət göstərməyi, sərgilər və beynəlxalq tədbirlərdə iştirak etməyi planlaşdırır. Assosiasiya problemlərin həlli üçün aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorla əməkdaşlıq edir. Məqsəd yalnız sahənin inkişafını təmin etmək deyil, həm də Azərbaycanın zərgərlik sənayesini dünya səviyyəsində tanıtmaqdır”.

Rövşən Əmircanovun İndex.az-a olan geniş müsahibəsini buradan oxuya bilərsiniz.