Azərbaycan bazarında saxta qızıla rast gəlinirmi? – AÇIQLAMA

“Bazarda tam saxta qızıl məhsullarına nadir hallarda rast gəlinir”.

Bu barədə İndex.az-a müsahibəsində Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib:

“Azərbaycan bazarında tam saxta qızıl məhsullarına nadir hallarda rast gəlinir. Assosiasiyamıza bu mövzu ilə bağlı məlumatlar daimi olmasa da, bəzən daxil olur. Lakin belə hallarda məhsulları tamamilə saxta adlandırmaq düzgün olmaz; daha çox onların əyarının aşağı olması müşahidə edilir. Məsələn, 750 əyar olaraq təqdim edilən qızılın yoxlanış zamanı əslində 720 və ya 700 əyar olduğu müəyyən edilir. Ümumilikdə, bu cür hallar bazarda geniş yayılmış deyil”.

Rövşən Əmircanov alıcıların qiymətli metalları və qiymətli daşları alarkən aldanmaması üçün bir sıra məsləhətlərini bizimlə bölüşüb:

“Qızıl alarkən alıcılara mütləq şəkildə çek tələb etmələrini tövsiyə edirik. Bununla yanaşı, alınan məhsulun çəkisi və əyarı mütləq göstərilməlidir. Yatırım məqsədilə qızıl alan şəxslər daha çox yüksək əyarlı qızıl, həmçinin sertifikatlı brilyantlara üstünlük versələr, daha məqsədəuyğun olar. Vətəndaşlar, xüsusilə daş-qaş alarkən diqqətli olmalı və mənşəyinə diqqət yetirməlidirlər. Brilyant və digər qiymətli daşları alarkən nüfuzlu beynəlxalq qurumların sertifikatlarını tələb etmək tövsiyə olunur. ABŞ, Belçika kimi ölkələrin sertifikatlarına malik brilyantlar daha güvənlidir”.

Rövşən Əmircanovun İndex.az-a olan geniş müsahibəsini buradan oxuya bilərsiniz.