Təyyarə qəzasında həlak olan 10 nəfərin şəxsiyyəti müəyyən edilib

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin şəxsiyyəti müəyyən edilib.

İndex.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

“Onlardan üçü Qazaxıstan, üçü Rusiya və dördü Azərbaycan vətəndaşıdır”, – FHN-dən bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.