Ceff Bezos Mayamidəki “milyarderlər cənnətinə” köçməklə 1 milyard dollar qazanıb

“Amazon”un qurucusu Ceff Bezosun ABŞ-ın Mayami şəhərində milyarderlərin sığınacağı kimi tanınan “Indian Creek” adasına köçdükdən sonra 1 milyard dollar vergiyə qənaət etdiyi məlum olub.

İndex.az xəbər verir ki, dünyanın ikinci ən zəngin adamı olan Ceff Bezos 2023-cü ildə ABŞ-ın Vaşinqton əyalətindən Floridaya köçərkən gündəmə gəlib.

“Bloomberg Billionaires Index”ə görə 248 milyard dollar sərvəti olan Bezos, Mayami şəhərində “milyarderlər sığınacağı” kimi tanınan “Indian Creek” adasında 250 milyon dollarlıq sərmayə ilə 3 ev alıb.

Buraya köçən Bezos jurnalistlərə açıqlamasında bu qərarı verdiyini və sahibi olduğu kosmik daşıma şirkətinin “Blue Origin” fəaliyyətlərinə daha yaxın olmaq üçün Floridaya köçdüyünü bildirib.

Bununla belə, maliyyə ekspertləri Bezosun bu qərarı maliyyə səbəblərinə görə verdiyini vurğulayırlar. “Forbes”in məlumatına görə, ekspertlər Bezosun Mayamiyə köçdükdən sonra “Amazon”un 13,6 milyard dollarlıq səhmlərini satdığını bildirirlər. Bezos bu səhmləri Vaşinqton ştatında yaşayarkən satsaydı, gəlir və kapital vergilərini ödəməli olacaqdı. Ekspertlər bildirirlər ki, Bezosun səhm satışından ödəyəcəyi vergi dərəcəsi 1 milyard dollara yaxınlaşa bilər.