Putin: “Angela, məni bağışla, mən səni bu itlə qəsdən qorxutmadım!”

Dünən Rusiya prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Angela Merkeldən üzr istəyib və 2007-ci ildə onların görüşünə öz itini gətirən zaman onu qəsdən qorxutmadığını vurğulayıb.

İndex.az xəbər verir ki, heyvan fobiyası olduğu bilinən Almaniya kansleri çərşənbə axşamı dərc olunan xatirələrində bu hadisəyə toxunub və Rusiya prezidentini görüş zamanı öz ev heyvanını gətirməklə güc nümayişi göstərdiyini deyib.

Dünən isə Astanaya səfəri zamanı Putin deyib: “Mən sizin itlərdən qorxduğunuzu bilmirdim. Angela, məni bağışla, mən sizi narahat etmək niyyətində deyildim. Əksinə, söhbətimizə uyğun ab-hava yaratmaq istədim. Əgər bir daha mənimlə görüşə gəlmək şansınız olsa, bunun çətin olduğunu bildiyim halda, heç bir şəraitdə bunu bir daha etməyəcəyəm”.

Qeyd edək ki, 2007-ci ildə Rusiyanın cənubundakı Soçi şəhərində görüşərkən qara labrador cinsindən olan “Koni” görüş otağına daxil olaraq Merkelə yaxınlaşıb. Keçmiş kansler xatirələrində yazıb: “Putinin üz ifadəsindən baş verənlərdən həzz aldığı aydın görünürdü”.

Putin itləri sevməsi ilə tanınır və bundan əvvəl də rəsmi görüşlərinə itlər gətirib. Putin “Koni” adlı iti sonradan müdafiə naziri olmuş və hazırda Rusiya Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışan Sergey Şoyqudan hədiyyə alıb.